Hökumət və bank sektoru turizm sahəsinin dəstəklənməsi üçün əlaqələndirilmiş addımların atılması barədə razılığa gəliblər
Hökumət və bank sektoru turizm sahəsinin dəstəklənməsi üçün əlaqələndirilmiş addımların atılması barədə razılığa gəliblər

Gürcüstan hökuməti, Milli Bank və kommersiya bankları koronavirusun yayılması səbəbi ilə turizm sektorunda yaranmış mənfi təsirlərin azaldılması üçün əlaqələndirilmiş addımlar atacaqlar – bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria və kommersiya banklarının rəhbərlərinin bu gün keçirilən iclasında razılaşma əldə olunub.

Gürcüstanın Baş nazirinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, görüş formatında yeni növ koronavirusun iqtisadiyyata təsirləri, xüsusilə həssas olan turizm sənayesi sektoruna təsirləri müzakirə olunub.

Virusun yayılması nəticəsində ola biləcək mənfi iqtisadi təsirləri minimuma endirmək üçün bank sektoru və dövlət tərəfindən konkret addımların atılmasına diqqət yönəldilib.

Hökumətin iqtisadi komandasının, Milli Bankın və bank sektorunun nümayəndələrinin iştirakı ilə effektiv iş mexanizminin yaradılması qərara alındı ki, bu da yaxın günlərdə turizm sektoruna kömək üçün konkret addımlara dair planını təqdim edəcək.

Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti bank sektorunu bu prosesin əsas müttəfiqlərindən biri hesab edir və səmərəli əməkdaşlığa hazırdır. Bank sektoru, turizm sektorunun nümayəndələrinin koronavirusun yayılması səbəbi ilə cari ödənişlərdə problem yaşayacağı halda, turizm sənayesini müxtəlif yollarla maksimal şəkildə dəstəkləməyə hazır olduğunu bildirdi.

Görüşdə tərəflər razılaşdılar ki, bu gün əsas məsələ həyata keçirilən layihələrə maneəçiliklərin törədilməməsi üçün həssas sektorlarda mümkün qədər çox pul resursunun saxlanılmasıdır və bu məqsədə çatmaq üçün dövlət eləcə də Milli Bank və kommersiya bank sektoru konkret, əlaqələndirilmiş addımlar atacaqlar.

Turizm sektoruna təsirindən əlavə, koronavirusun yayılmasının maliyyə və bank sektoruna ola biləcək birbaşa təsiri qeyd edildi, lakin bank sektorunun bu cür xarici amillərin mənfi təsirini minimuma endirmək üçün hazırlıqlı olduğu vurğulandı.