Ustad aşıq Səyyad Mehralı oğlunun ifasında bir neçə mahnı

Aşıq Səyyad Mehralı oğlu Əliyev 1939-cu il iyulun 7-də Marneuli rayonundakı Kürüstü Kəpənəkçi kəndində anadan olub. Onun uşaqlığı Böyük Vətən müharibəsi ilərinə təsadüf edib. Atası Mehralı kişi müharibəyə gedib və sağ-salamat qayıdıb. 1950-ci ildə Mehralı kişi ailəsi ilə Qazaxıstana sürgün edilib. 1953-cü ildə Mehralı kişi sürgündən azad edilərək doğma elinə qayıdır.  Səyyad Əliyev  həddi-buluğa çatır, ailə qurur və hərbi xidmətə gedir. Hərbi xidmətini başa vurandan sonra atası onu Borçalının azman aşıqlarından biri olan Aşıq Kamandara şagird verir. Ustad aşıqdan dərs alan Səyyad özü də bu sənətdə püxtələşir. Borçalı ellərində ağır məclislər yola salır. Onu da qeyd etmək lazımdır ki, o, ustad Kamandarın ilk şagirdidir və onun ləmsində, avazında oxuyan aşıq kimi tanınıb. Aşıq Səyyad Əliyeb 2010-cu ildə dünyasını dəyişib Allah rəhmət eləsin!.

P.S.  Gürcüstan radiosunun arxivində onun ifasında bir mahnı qorunub saxlanılır. Ötən əsrin 60-cı illərində yazılıb. Sonralar, yəni 1999-cu ildə onun ifasında bir neçə mahnını lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa aşıqlarla  yanaşı onun da mahnılarını mütəmadi olaraq efirdə səsləndirirdik. İndi şəxsi arxivimdə qorunub saxlanılan həmin mahnıları  aşıqsevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu